27.11.09

«Dalğa»nın növbəti sədri kim olacaq?




Hərəkatın sədrliyinə 4 namizəd var
QayNar: Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) Hərəkatın nizamnaməsinin 4.2.5 bəndinə əsasən növbəti, sayca IV (V), qurultayını 1 dekabr 2009-cu il saat 14:00-da Diplomat Oteldə keçirilməsinə qərar vermişdir. QayNar.info-nun məlumatına görə,  hazırda sədrliyə və İdarə Heyətinə namizədlərin qeydə alınma prosesi gedir. Hərəkatın əsasnaməsinə uyğun olaraq qurultaya 3 gün qalmışa qədər, yəni ayın 27-si saat 18:00-dək, namizədlərin qeydə alınma prosesi yekunlaşacaq. Xatırladaq ki, Hərəkatın sədrliyinə namizəd olacaq şəxs özü ilə yanaşı birinci müavinini də QHTK-ya təqdim etməlidir.
Artıq sədrliyə iddialı olduğunu bəyan edən 6 gənc olub. Onlardan 4-ü qeydə alınmış, biri isə QHTK tərəfindən qeydə alınmayıb, digər 1 namizəd isə iddiasından geri çəkilmişdir. Hazırda namizəd kimi qeydə alınmış şəxslər və onların birinci müavinləri aşağıdakı kimidir: Orxan Kazımlı və Elmar Mürsəlli, Rahim Mahmudzadə və Ramilə Yusifova, Nigar Zeynalova və Babək Rəsulzadə, Niyazi Militar və Ağarəhim Poladov. Adları çəkilmiş namizədlər artıq təbliğat-təşfiqat işlərinə və seçicilərlə görüşlərə başlayıblar.
Sonda onu da qeyd edək ki, Qurultay Dalğa GH-nın bütün üzvlərindən ibarətdir, 2/3 səs çoxluğu ilə Dalğa GH-nın Nizamnaməsini qəbul edir, ona əlavə və dəyişikliklər edir, sədrin, İH-nin və MNTK-nın hesabatlarını dinləyir, gizli səsvermə ilə sədri, İH-nin və MNTK-nın üzvlərini 1 il müddətinə seçir, Dalğa GH-nın ümumi fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qurultay üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qurultayda iştirak sərbəstdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.