Ramin Hacılı: «Qaynar.info ilə bundan sonra da əməkdaşlıq edəcəyik»
QayNar: Qaynar.info Milli Xəbər Portalının rəhbərliyində dəyişiklik edildikdən sonra saytın bundan sonrakı fəaliyyəti, müxtəlif ictimai təşkilatlarla olan əməkdaşlıq əlaqələri ilə bağlı müxtəlif fikirlər dolaşmağa başlayıb. Bəziləri portalın bəzi QHT-lərə və gənclər hərəkatlarına tribuna verməyəcəyini, bəziləri isə onların portala əməkdaşlıqdan imtina edəcəyini deyirlər. Bunları nəzərə alaraq, Qaynar.info-da fəaliyyəti ən çox işıqlandırılan «Dalğa» Gənclər Hərəkatının təsisçisi və ilk sədri Ramin Hacılı ilə danışdıq. Ramin Hacılı Qaynar.info-ya açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirdi.
Onun sözlərinə görə, Qaynar.info «Alma» qəzetinin imkanları hesabına fəaliyyət göstərib və Zahir Əzəmətin özünün layihəsi olub: «Sayt həmişə müstəqil formada işləyib və yəqin ki, Zahir bəy də təsdiq edər ki, heç kim heç vaxt onun fəaliyyətinə müdaxilə etməyib. O, bu imkanlardan istifadə edərək saytı oxuculara təqdim edib və orda müxtəlif fikirlərə yer verib. Əgər orda bir faiz «Dalğa» ilə bağlı informasiyalar gedirdisə, 99 faiz Azərbaycanın problemləri, gənclərin fikirləri və hətta mənim xoşuma gəlməyən insanların düşüncələri öz əksini tapırdı. Bu çox yaxşı imkan idi».
R.Hacılının sözlərinə görə, Z.Əzəmət «Alma» qəzetindən istefa verdikdən sonra da, ona redaksiyada qalıb işləmək təklif olunub: «Hətta biz ona öz işini «Dalğa»nın ofisində də davam etdirə biləcəyini dedik. Amma təkliflər qəbul olunmadı və sayt Fərid Şahbazlıya verildi, belə qərara alındı ki, onlar çalışsınlar. Bizim F.Şahbazlı ilə heç bir problemimiz yoxdu və əməkdaşlıqda da heç bir problem görmürəm».
Ramin Hacılı «Dalğa»ının bundan sonrakı fəaliyyəti ilə balı bəzi məqamlara da toxunub. Onun sözlərinə görə, «Alma»nın köhnə kollektivi istefa versə də, qəzet nəşr olunmaqda davam edəcək: «Qəzet «Dalğa»nın layihəsidir. Bunu baş redaktor İsrail Musayev də bəyan edib. Qəzetdə kollektivi yenidən formalaşdırılmağa başlayıb. Gənc yazar Cavid Ramazanov «Alma»da redaktor kimi işə başlayıb. Hesab edirəm ki, onun İsrail müəllimin təcrübəsi və Cavidin istedadı sayəsində sayt inkişaf edəcək».
Ramin Hacılı son zamanlar «Dalğa»nı susdurulmaqda ittiham edən bəzi qüvvələrə və yazarlara da cavab verib: «Zahir Əzəmət, Qaynar.info ciddi məsələlərdir və mən onlarla bağlı münasibət bildirdim. Amma bəzi qeyri-ciddi adamlar «Dalğa»nın güya, hansısa qüvvələrin təsiri ilə idarə olunduğunu deyirlər. Bu cəfəngiyyatdır. «Dalğa» bəyan edib ki, o, ictimai fəaliyyətlə məşğul olan bir hərəkatdır. Onun siyasətlə heç bir işi yoxdur. Mən o yazarlara deyirəm ki, qoy sevsinlər, sevişsinlər. Onda onlar hər yeşə pozitiv baxarlar, daha bütün məsələlərə nifrətlə baxmazlar. «Dalğa» bir məktəbdir. Onun Demokratiya məktəbi və Demokratiya Akademiyası var. Nəzdində klublar fəaliyət göstərir. Bir daha deyirəm ki, biz boş-boh danışmaqla yox, iş görməklə məşğuluq».
