24.4.10

Dalğaçılar Yer kürəsini xilas etdi


QayNar: Dalğa Gənclər Hərəkatı (DGH) aprelin 22-də Beynəlxalq Yer günü münasibəti ilə flashmob xarakterli aksiya keçirib. Aksiya Hüseyn Cavid adına parkda baş tutub. Qaynar.info xəbər verir ki, Dalğaçı gənclər rəmzi olaraq Yer kürəsini simvollaşdıran qlobusu qucaqlayıb və onu ehtiyatla bir-birlərinə ötürüblər. Hərəkatın aksiyanı keçirməkdə məqsədi ekoloji böhranın yaşandığı bir zamanda insanların ehtiyatsızlığı, təbiətə, ətraf mühitə laqeydlikləri ucbatından baş verən  və milyonlarla canlının tələfinə səbəb olan fəlakətlərin dəhşətini ictimaiyyətə çatdırmaq idi. Hər kəsə iki əli, bir düşünən beyni ilə yer kürəsini sevgi və qayğıyla qorunması tərbiyəsini, ekoloji mədəniyyəti aşılamaq da aksiyanın mahiyyətinin önəmli məqamlarından oldu. Dalğaçı gənclərin flashmobda ağ rəngli köynək geyinmələri təmizliyin simvolu və təbiətin “bakirliyinə” qayıtmasının əhəmiyyətini göstərmək üçün xüsusi mesaj idi.

Dinc xarakterli flashmoba heç bir polis müdaxiləsi olmadı. Aksiyadan sonra dalğaçı gənc fəallar qoruduqları qlobusu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hədiyyə olaraq təqdim etdilər.
Xatırladaq ki, aksiya DGH-nın  “Mən dünyamı təmiz görmək istəyirəm!” şüarı altında təşkil etdiləri 15-22 aprel - “Ekologiya həftəsi” çərçivəsində keçirilmişdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.