22.11.10

"Dalğa" bəyanat yaydı


QayNar: “Dalğa” Gənclər Hərəkatı jurnalist Elmin Bədəlovun təhsil hüququnun bərpası barədə bəyanat yayıb. Qaynar.info-ya daxil olan bəyanatda deyilir:
“Məlum olduğu kimi tələbə-jurnalist Elmin Bədəlov Təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) haqqında yazdığı tənqidi məqalələrə görə bu ilin yanvarında oradan xaric edilib. Bununla bağlı tələbə-jurnalist E. Bədəlov ölkə başçısı İlham Əliyevə və digər aidiyyatı qurumlara məktub göndərib.

Bununla yanaşı, təhsil hüquqlarının pozulması ilə bağlı Nəsimi rayon məhkəməsinə muraciət edən tələbə-jurnalistin ilk instansiyada iddiası təmin olunmayıb. Növbəti instansiya məhkəməsi olan Appelasiya Məhkəməsi də iddiani rədd edincə E. Bədəlov Ali Məhkəməyə üz tutub.
Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara diqqəti çəkək: “Avropa Şurasının İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolunun 2-ci maddəsi göstərir ki, tələbə-jurnalistin ADNA-dan xaric olunması qanunsuzdur. Bu isə onu deməyə əsas verir ki, bu işin avropa məhkəməsinə gedəcəyi təqdirdə Azərbaycan dövləti növbəti məğlubiyyət ilə üzləşəcək.

Bu məsələ ilə bağlı 23 noyabr 2010-cu il, saat 10:00-da işə Ali Məhkəmədə baxılacaq. Biz, Dalğa Gənclər Hərəkatı olaraq Ali Məhkəmənin ədalətli qərar çıxaracağına inanırıq. Çünki bu son instansiyadır və yəqin ki, Ali Məhkəmədə əyləşən şəxslər də Azərbaycanın növbəti biabırçılığı üçün şərait yaratmayacaq.

Baş tutacaq məhkəmə iclasında jurnalistlərin, hüquq müdafiəçilərinin, gənclərin, beynəlxalq təşkilatlarının Azərbaycandakı nümayəndələrinin və bir sıra hüquqşünasların aktiv iştirakını təmin etmək üçün Dalğa GH olaraq aktiv kampaniya aparmaqdayıq.

Sonda qeyd etmək istəyirik ki, Azərbaycan qanunlarına əsaslanan Nəsimi rayon məhkəməsi və Təhsil nazirliyi E.Bədəlovun növbəti təhsil ilində, yəni bu ilin sentyabrında ali təhsilinin davam etdirmək hüququnun olduğunu bildirib. Bu hüququ da ondan alan və heç bir əsas göstərməyən ADNA-nın rektoru Siyavuş Qarayevə qarşı növbəti iddia ilə tələbə-jurnalist yenidən Nəsimi rayon məhkəməsinə üz tutub.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.