1.12.10

“KONFET YUXARIDA DEYİL, STOLUN ÜSTÜNDƏDİR”


“Media forum” oxucularının suallarını bloqçu, gənc fəal Ağarəhim Poladov cavablandırır.



Poladov Ağarəhim Fuad oğlu 1990-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin 4-cü kurs tələbəsidir.



“Xəzər” Elmi Tədris Mərkəzində və “BELTS”də (Baku English Language Training School) ingilis dili üzrə təlimatçı işləyib. “Dalğa” Gənclər Hərəkatının sədr əvəzləyicisi olub. Hərəkatda “İnsan hüquqları dekadası”, “Ad günün mübarək, demokratiya!”, “Ekologiya həftəsi”, “Təhsil həftəsi”, “Parlament dalğası” kimi layihələrin təşəbbüsçüsüdür.



Hazırda “İnternyus Azərbaycan” İctimai Birliyində layihə koordinatorudur.



Müəllim, Bakı: Sən doğulan ilin – 1990-cı ilin cavanları 40-45 yaşdadırlar indi. Keçmişin cavanları olan həmin nəsildə nələr xoşuna gəlir, nələr yox?


Cavab: Atalar və oğullar problemi dinin və zövqlərin müzakirəsi kimi sonsuz müzakirə ediləcək maraqlı mövzudur. Atalar indiki gənclərdə oxumaq və bilik əldə etmək istəyinin olmadığını düşünürlər və hey gənclərin bütün boş vaxtlarını internetdə keçirmələrindən gileylənirlər. Onlar gənc ikən oxumağa daha meyilli olduqlarını deyirlər.
Bilirsiz, mən bunu balaca uşağın konfet sevgisinə bənzədirəm. Həmin dövrün gəncləri, balaca uşaqlar kimi, onlara əlçatmaz olan konfeti əldə etmək istəyirdilər. Lakin indi konfet yuxarıda deyil, stolun üstündə, yəni internetdədir və onu əldə etmək daha asandır. Stolun üstündəki konfeti götürmək isə kənardan sadə görünür, bunun da öz çətinliyi var.
Düzdür, bəzən bizi tərifləyirlər, bizim daha “gözüaçıq” olmağımızdan xoşları gəlir. Deyirlər ki, yeni nəsil çox tez böyüyüb.


Elşən Poladlı: Ağa, “Dalğa”çı olmağına peşmansan?
Cavab: Bir saniyə də olsun peşman olmamışam. “Dalğa”da gəncliyimin mənasını və məqsədini tapmışam. İnsanın özünü nəyəsə gərəkli hiss etməkdən böyük xoşbəxtlik yoxdur, “Dalğa” mənə bu hissi bağışladı.

Kamilə Yaqubova: Azadlıqla demokratiyanın fərqini izah edə bilərsən?

Cavab: Demokratiya idarəçilik sistemidir. Azadlıq isə hissdir. Sadəcə, bugünkü reallıqda bu hissi duymaq üçün bizə həmin idarəçilik sistemi hava və su kimi lazımdır.


Fuad, Sumqayıt: Təmsil olunduğunuz “Dalğa” təşkilatının indiki fəaliyyətini necə qiymətləndirirsiniz? “Dalğa” nə etmək istəyir?


Cavab: “Dalğa” hər il yenilənir, mübarizə vasitələrini dəyişdirir, yeni metodlara üz tutur, üzvləri dəyişir və sair. Amma məqsədimiz dəyişmir. Biz təhsil yolu ilə insanlara, xüsusən gənclərə ölkə həyatında öz rollarını hiss etdirməyə çalışırıq. Vətəndaş olaraq həm tələbkar, həm də məsuliyyətli olmalarını istəyirik. Bu istiqamətdə gənclərə nümunə lazımdır ki, “Dalğa” bu nümunələrlə gəncləri təmin etməyə çalışır.


Tələbə: Bilirəm, bu barədə lap uşaq vaxtlarınızdan eşidirsiz, bəlkə də bezmisiz. Amma yenə soruşacam. Fəal və düşünən gənc olaraq Qarabağ probleminin həllini necə görürsünüz?

Cavab: Bu gün dünya hüquq və haqq üzərində qurulub. Mübarizəni təmamilə hüquq müstəvisinə aparmaq lazımdır. Bu işdə ən gözəl köməkçi isə vətəndaş cəmiyyətidir. Prosesə dövlət rəsmilərindən əlavə vətəndaşlar da qoşulsa, hadisələr daha sürətli və daha aydın cərəyan edəcək.


Səfər Qurbanlı, “Facebook”dan: Ağa, səncə, bizim indiki gənclər daha çox hansı sahələrdə irəliləyirlər, daha çox nəyə can atırlar və onları hansı istiqamətə yönləndirmək yaxşı olardı?

Cavab: Böyüklər kimi, gənclər də üç sektora bölüşüblər. İctimai fəal gənclik, passiv gənclik və otra təbəqə. Orta təbəqəyə böldüyüm gənclər böyük potensiala malik, intellektli, müasir, lakin ətraflarında baş verənlərə tam biganə olan gənclərdir. Onlar hər şeydən xəbərdardırlar, lakin hərəkət etməyi zəruri saymırlar, məhz həmin gənclər öz rollarını tam qiymətləndirmirlər. Onlar əllərində olan böyük gücü və enerjini hara səhv edəcəklərini bilmirlər.
Bu gün gənclər üçün maraqlı olan yerlər də çox azdır. Onların universitetdən çıxıb yenidən universitet tipli tədbirlərə getmək həvəsi belə yoxdur. Gənclərimizə fərqli fəaliyyət lazımıdır. O fəaliyyət ki, hərəkətli, enerjili və emosional olsun. Elə lap “Dalğa”dakı kimi.


Günay, Zaqatala: Siz özünüzü müxalifətçi hesab edirsiniz? Gənclərimizi daha çox nə qıcıqlandırır, onları nə narahat edir?


Cavab: Mən müxalifətçi deyiləm, müxalif fikirliyəm. Zənnimcə, bunlar fərqli anlayışlardır. Klassik metodlardan uzaq olan etiraz üsullarımız bizi fərqləndirir.
İkinci suala isə belə cavab verərdim ki, gənclər bu gün daha azad olmaq, ictimai qınaqdan, susdurulmaqdan uzaq olmaq istəyirlər. Yaşadıqları ölkədə bu olmadığı təqdirdə onlarda ölkədən getmək istəyi yaranır. Fikrimcə, bu azadlıq olmadan gənclik tez qocalacaq və tez ruhdan düşəcək. Gənc ölkəyə isə sağlam gənclik lazımdır. Onları azadlıq vasitəsilə Azərbaycanın gələcəyi üçün qorumaq lazımdır.


Günel, eks-gənc: Gənclik barışmazlıq və dəliqanlılıq deməkdir. Gənclik inkar etmək və razılaşmamaq havası ilə keçən dövr deməkdir. Gənclik ağıl və emosiyalar arasında mübarizə zamanıdır. Gənc gözü ilə baxan sən deyə bilərsənmi Azərbaycanda bu mübarizə necə gedir? Bugünkü Azərbaycan gəncliyinin səsi mübarizə zamanı bütünləşə bilirmi?


Cavab: Təəssüf ki, yox. Gənclərimizə daxili birlik çox lazımdır. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda üç kateqoriyaya bölünmüş gənclik bir-birini tanımır. Onların maraqları və məqsədləri bir deyil. Dediyiniz barışmazlıq və dəliqanlılıq azlıqdadır, lakın keyfiyyətlidir. Mənə ümid verən də elə budur.

Vüsal Bacar: “Dalğa”ya gəldiyin qısa müddət ərzində sən sədr əvəzi (sədr istefa verdiyi üçün) seçildin. Və bu da sənin intellektinin qələbəsi idi. İndi “Dalğa” yeni qurultaya hazırlaşır. Nizamnaməyə uyğun olaraq istefa vermisən. Bir ildən çox “Dalğa”da oldun. Bu qədər müddət ərzində “Dalğa” sənə nə verdi, səndən nə aldı?
Bir də, indən belə gənclər sektorunda fəaliyyətin nə yöndə olacaq?


Cavab: “Dalğa” mənim üçün orta və ali məktəblərdən də üstün bir məktəb oldu. Həyat, mübarizə və siyasət məktəbi. “Dalğa”da yeni dostlar, yeni tanışlıqlar, təcrübə, gücümü səmərəli sərf eləmək imkanı qazandım. İndi “Dalğa”da tapdığım özümü yaşadıram. İtirdiklərim isə olmadı və buna çox sevinirəm. Həyatımdan nəyisə “çıxmaq” mənim üçün çox çətindir. Heç nəyi itirmədiyimə şadam.
İkinci sualınıza gəlincə, gələcəkdə gənclərin sosiologiyası üzrə mütəxəssis olmaq, ictimaiyyəti gəncliyin problemlərindən xəbərdar etmək istəyirəm.


Tapdıq, Bakı: Ağarəhim müəllim, bilmək istərdim ki, ölkədə müstəqil gənclərin fəaliyyətinə nə kimi maneələr var? Hansı arzularınızı həyata keçirməyə imkan verilmir (hökumət, müxalifət, təşkilatınız səviyyəsində).

Cavab: Minnətdaram. Yeri gəlmişkən, “müəllim” sözü üçün darıxmışdım. İşlədiyim tədris mərkəzində çox öyrəşmişdim bu müraciətə, indi isə özümə də qəribə gəlir. Artıq “müəllim” deyiləm.
Maneələr çoxdur, hamısı da göz qabağındadır. Ofisimizin əlimizdən alınması, Məmməd Əmin Rəsulzadənin şəkli olan köynəklərimizi müsadirə etmək cəhdi, gənclərin qəzeti olan “Alma”nın bağlanması və sair. Arzumuz demokratik respublikadır, etdiklərimiz isə o böyük arzuya doğru atılan addımlardır. Arzumuz maneələrdən daha güclüdür. Bu, təsəlli deyil, bu, həqiqətdir.


Ayka: Oxuduğun kitablar barədə məlumat verə bilərsən? Xarici dillərdən hansını bilirsən? Kitabları hansı dildə oxuyursan?

Cavab: Kitabsız bir günüm olmasın. Həm klassik, həm də müasir əcnəbi və Azərbaycan ədəbiyyatını oxumağı sevirəm. Ən sevdiyim yerli müəllif Samid Ağayevdir. Əcnəbilərdən isə son zamanlar Paulo Kuelyo məni çox maraqlandırır. Bu iki müəllifin, demək olar, çap olunan bütün kitablarını oxumuşam. Klassiklərdən isə, əlbəttə ki, Dostoyevski və Hüqosuz olmaz.
Təhsilimi rus dilində aldığım üçün kitabları da rus dilində oxuyuram. İngilis dilini də bilirəm. Yeri gəlmişkən, kitab oxumaq sevgisini mənə ingilis dili müəllimim aşılayıb.


Tural, tələbə, Bakı: Salam, Ağarəhim. Mən heç bir hərəkata qoşulmayan gəncəm. Kənardan sizə və opponentlərinizə baxıram, sosial şəbəkələrdə müzakirələri izləyirəm, hər yerdə nifrət duyuram.
“Düşmənlərinizi” sevə bilərsinizmi? Dünyanın ədalətli modelini necə görürsünüz (Hazırkı demokratiya adlanan modeli yaramaz sayıram, çünki dünyanın bir hissəsi əla dolanır, o birisi isə acdır)?
Bu yaxınlarda bağlanan “Alma” həm də “Dalğa”çılara özünü təsdiqləmək imkanı verən bir qəzet idi. Qəzetin bağlanmasına münasibətiniz? Qeyri-rəsmi mənbələrdən eşitmişəm ki, Azərbaycanda bəzi xarici səfirliklər islam əleyhinə yazılara görə maliyyə ayırır. Bu haqda nə düşünürsünüz?


Cavab: Deməzdim ki, “Dalğa”nın düşmənləri var. Fikir ayrılığı düşmənçilik deyil. Dünyanı idarə edən konfliktlərdir. Bu konfliktlərdə bizim əsas silahımız sevgidir. Sevib mübarizə aparmaq çətindir, amma daha yaxşıdır.
Ədalət nisbi anlayışdır. Mənim üçün “yaxşı” olan sizin üçün “pis” ola bilər. Ona görə də qanunun aliliyi olmalıdır. O qanun ki, hər kəsə şamildir. O zaman ədalət fərdilikdən uzaqlaşıb ümumi anlayışa çevrilmək şansını əldə edir. Bizə isə məhz bu lazımdır.
“Alma” böyük itki oldu, lakin ümid edirəm ki, müvəqqətidir. Ruhdan düşmək lazım deyil, hələlik fikrimizi azad ifadə etmək üçün başqa yollardan istifadə etməliyik. Bloqlar, müxtəlif sosial şəbəkələr var.
Əminəm ki, “Alma” qayıdacaq. Bir də ki, maneələr həvəsimizi artırır.
Qaldı maliyyələşdirmək söhbətinə, mənim qeyri-rəsmi mənbələrlə aram yoxdur. “Alma” pul düşkünü deyil, azad fikir və analiz “xəstəsidir”. Buna görə də narazılıq doğurmuş həmin yazının sifariş olmadığına şübhə etmirəm.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.