28.4.11

ADNA RƏHBƏRLİYİ 30 APREL AKSİYASINA İMKAN VERMƏK İSTƏMİR

Terror qurbanlarının ancaq şəkil stendləri ilə anılması nəzərdə tutulur

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş vermiş qanlı terrorun qurbanları 2011-ci il aprelin 29-da akademiya binasında şəkil stendləri ilə yad ediləcək. Bunu “Mediaforum” saytına ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov deyib.
O bildirib ki, aprelin 29-u səhər dərslər başlamazdan qabaq akademiyanın faciə baş verən korpusunun foyesində terror qurbanlarının şəkillərindən ibarət stend asılacaq, önünə gül dəstələri qoyulacaq: “Həmin gün akademiyanın dərsə gələn tələbə və müəllim heyəti terror qurbanlarının xatirəsini yad edəcək. Təmtəraqlı tədbir və yaxud hər hansı aksiya keçirməyi nəzərdə tutmuruq. Çünki tələbə və müəllim heyətinin terror qurbanlarının ailələrinin yaşadığı ünvanlara gedib həmin gün onlarla birgə olması da nəzərdə tutulub”.
Q.Məmmədov bir qrup gəncin sosial şəbəkələrdə aprelin 30-da aksiya keçirməklə bağlı çağırışına da münasibət bildirib: “Bu il aprelin 30-u qeyri-iş günü olduğu üçün həmin tələbələr akademiyada olmayacaqlar. Təbii ki, akademiyamızın bütün dekanları tələbələrə dövlətçiliyin əleyhinə olan heç bir aksiyaya qoşulmamağı tövsiyə ediblər, tələbələr də özləri şüurlu sürətdə başa düşülər ki, təxribat xarakterli mitinqlərə qoşulmağın mənası yoxdur”.
“Dalğa” Gənclər Hərəkatının sədri Orxan Nəbiyev “Yeni Müsavat”a açıqlamasında 30 aprelin Azərbaycan tarixinə qara bir gün kimi düşdüyünü dedi: “Hadisə olan il qətlə yetirilən gənclərin xatirəsini anmaq məqsədi ilə axşam saat 18.00-da biz - ”Dalğa" anım təşkil etdik.A nıma gələn 800-1000 nəfər gəncin məsuliyyətini biz daşıdıq. Meydana təxribatçılar daxil olaraq anımı siyasiləşdirmək məqsədi güddülər. Amma biz bunun qarşısını aldıq, himnimizi oxuyub gəncləri təxribatçıların təşkil etmək istədiyi polis-vətəndaş qarşıdurmasından xilas etdik. Bizim üçün insanların hissləri hər şeydən önəmlidir.
30 apreldə ADNA terrorunda qətlə yetirilənləri anmaq bizim gənclik və vətəndaşlıq borcumuzdur. Bu, sadəcə sivil anım formasında olmalıdır, şüarsız, çağırışsız. Öz üzvlərimizlə ADNA terrorunda qətlə yetirilənləri anıb, yaxınlarına səbr diləyəcəyik".

Elmin BƏDƏLOV  (Yeni Müsavat)

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.