4.4.11

Əli Kərimliyə qarşı əxlaqsızlıq etməyin!

  
Dalğa Gənclər Hərəkatı siyasi mədəniyyətsizliyin önünə keçməyə hazırlaşır.

Bu il müstəqilliyinin 20-ci ilini qeyd edəcək Azərbaycan insanı dövlətinin müstəqilliyini öz həyatında hiss etmək arzusundadır. İstər Qarabağ savaşı, istər müharibənin gətirdiyi fəsadlar, istərsədə müxtəlif dövrlərdə baş verən seçki saxtakarlıqları insanlarımızın öz dövləti barəsində yüksək fikrə gəlməsinə mane olmuşdur.

Təəssüflər olsunki, bütün bunlardan nəticə çıxartmaq əvəzinə vətəndaş qarşıdurmasına, mədəni deqradasiyaya və insanların pessimistləşməsinə gətirib çıxaran bir çox qeyri-etik siyasi davranışların şahidi oluruq. Azərbaycan müxalifətinin liderlərindən biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri cənab Əli Kərimliyə qarşı aparılan əxlaq normalarına sığmayan qara piar hər bir Azərbaycanlının vətəninə olan sevgisi barəsində düşünməsinə səbəb olur.
Biz, Dalğa Gənclər Hərəkatı olaraq barəsində söz açdığımız qeyri-etik siyasi davranışların tez bir zamanda aradan qaldırılmasını tələb edirik. Bu gün bir siyasi liderə qarşı bu əxlaqsızlığı edənlər öz liderlərinə, vətənlərinə, xalqına hörmət etmirlərsə özlərinə hörmət etsinlər. Biz hesab edirik ki, bu və bu kimi mədəniyyətsizliklər ölkəmizdəki normal siyasi mühitin yaranmasına, insanımızın özünü ifadəsinə mane olur. Ən əsası isə əxlaqsızlığın yaratdığı mühitsizlik insanların radikallaşmasına, nifrətin artmasına və hətta vətənindən küsüb getməsinə gətirib çıxarır.
Dalğa Gənclər Hərəkatı olaraq, qarşımıza qoyduğumuz sağlam və mədəni gələcək məqsədinin və bu istiqamətdə gördüyümüz işlərin qeyri-etik siyasi davranışlarla dağıdılmasına yönələn addımların qarşısına çıxmaq məcburiyyətindəyik. Əgər xüsusən gənclərdən istifadə edərək əxlaqsızlıq nümunəsi cəmiyyətimizdə dominantlıq təşkil edəcəksə biz bunun qarşısını alacağıq. Əli Kərimlinin evi qarşısında təşkil olunan aksiyalar və heç bir insanlığa sığmayan şüarlar səsləndirmək fikrindən vaz keçilsin. Əks təqdirdə biz Azərbaycanın gələcəyi naminə buna adekvat cavab verəcəyik.

Hörmətlə,

Dalğa Gənclər Hərəkatı

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.