4.5.11

Dalğaçılar terror qurbanlarını andı

Demokratiya bağından ADNA’yadək yürüş olub.

30 Aprel 2011'ci il saat 18:00'da Dalğa Gənclər Hərəkatının (Dalğa GH) üzvləri 2 il öncə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror qurbanlarını yad etdi. Anım tədbiri Demokratiya (Sahil) bağından başladı. Dinc şəkildə terrorun baş verdiyi binaya qədər yürüş edən gənclər orada öz vətəndaşlıq borclarını yerinə yetirdi. ADNA'nın qarşısına gələn gənclər qərənfilləri düzüb, terrorun qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut verib, heç bir şüar səsləndirmədən hadisə yerini tərk etdilər.
Sonda qeyd edək ki, Düz 2 il bundan əvvəl 2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi baş verib. Səhər saatlarında Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən “Qaz neft mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusunda baş vermiş terror hadisəsi zamanı əlindəki odlu silahla binaya daxil olan terrorçu birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib. Terrorçunun gülləsinə ümumilikdə 25 nəfər tuş gəlib.
Onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, digər 12-si dünyasını dəyişdi. Hadisə zamanı dünyasını dəyişən insanlar aşağıdakılardır:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
2. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
3. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
4. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
5. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
6. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Və Akademiyaya süd məhsulları gətirən

1. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

Aparılmış cinayət axtarış tədbirləri nəticəsində məlum olub ki, bu hadisəni törədən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Hadisəni tərödəndən sonra Fərda Qədirov özünü də güllələyib və gicgah nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinib. Fərda Qədirovun üzərindən isə “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Təhlükə tam olaraq sovuşandan sonra isə Akademiyanın auditoriyalarında gizlənmiş tələbə və müəllim heyəti binadan evakuasiya olunub.

Cinayət işi üzrə 4 nəfər təqsirləndirilib. Ağır Cinayətlərə dair məhkəmənin qərarı ilə Cavidan Amirov, Nadir Əliyev, Nəcəf Süleymanov və Ariz Qabulov ömürlük azadlıqdan mərhumetmə cəzasına layiq görülüb.




Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.