18.11.11

Biz niyə problemlərlə üzləşirik?! - 1

Son bir neçə günün əsas xəbəri ziyalıların fəaliyyəti və onlara qarşı olan hücumlardır. Sonuncu “Ziyalılar forumu”ndan sonra baş verən hadisələr bu ölkədə sözün əsl mənasında hamını narahat etməyə başlayıb.

Akademik Rafiq Əliyevin işdən çıxarılması böyük rezonansa səbəb olub. Mən əminəm ki, bu addımı atanlar – onu işdən çıxaranlar belə bir əks təsirlə qarşılaşacağını gözləmirdi. Əks halda bu məsələni başqa formada “həll etməyə” çalışardılar.

Bəs bu problemin olmaması üçün nə olmalı idi. Təbii ki, bu məsələnin söz və ifadə azadlığı ilə birbaşa əlaqəsi var. Hadisə haqqında danışanların böyük əksəriyyəti bunu demokratiyanın olmaması ilə əlaqaləndirir, ölkədə azad sözün olmaması ilə əlaqləndirir, özünüifadənin olmaması ilə əlaqələndirir. İctimai rəydən belə bir nəticəyə gəlmək olar ki, Rafiq Əliyev məhz “Ziyalılar forumu”ndan iştirak etdiyinə görə işindən uzaqlaşdırılıb. Mən də bu fikirdəyəm. Bəs necə edək ki, bu problem olmasın?!

2009-cu ildə universitetdən təzə qovulmuşdum. O vaxt “Diplomat” oteldə təhsillə bağlı bir leksia təşkil olunmuşdu. Səhv etmirəmsə mühazirəçi Erkin Qədirli və Niyazi Mehdi idi.. Erkin müəllim mühazirə zamanı çox maraqlı bir nüansa toxundu: “Azərbaycanlı tələbənin bütün seçim hüquqları əlindən alınıb”. Yəni, biz heç öz sinif nümayəndəmizi belə özümüz seçə bilmirik.

Son bir neçə ildə təhsildə baloniya sisteminə keçidlə bağlı ürək dolusu danışırlar. Baloniya sisteminin isə üstün cəhəti seçimlə bağlıdır. Tələbə öz müəllimini seçə bilir, öz sinif, təhsil mexanizmini seçə bilir. Bunların isə heç biri Azərbaycan təhsilində öz əksini tapmır.

Əgər biz öz müəllimizi, kafedra müəllimizi, dekanımızı, rektorumuzu özümüz seçə bilmiriksə, demək hələ çox belə qovulma halları olacaq, çox akademikimiz düz sözü dediyinə görə təzyiqə məruz qalacaq.

Problemin sistematik olduğunu anlayıram və bu danılmazdır. Ancaq sistemli dəyişikliyin başında təhsil durmalıdır. Bütün islahatlara təhsillə başlamaq lazımdır. İlk öncə təhsildə seçim hüququ verilməlidir.

P.S. Baloniya sistemi neft borusu olsaydı, biz yəqin çoxdan buna qoşulmuşduq.

Pərviz Əzimov

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.