18.11.11

Uğur qazanmağın yolları Ramin Hacılının baxışında


Dallğa Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı bir müddət əvvəl ANN.Az xəbər portalına geniş müsahibə verib. Həmin müsahibədə R. Hacılı “Necə uğur qazanmaq olar? Sualına cavab olaraq maraqlı açıqlama verib. Müsahibənin həmin hissəsini sizlərə təqdim edirik:
- Həyatda insan o zaman uğurlu ola bilir ki, onun baş verənlərə qarşı reaksiyası pozitiv olsun. Bunun da yolu başqasının uğuruna sevinməkdən keçir. Bir insan başqasının uğuruna sevinə bilmirsə, başqasının uğurunu kədərlə qarşılayırsa, özü üçün faciə edirsə, hər bir hadisəyə neqativ yanaşmağa başlayır və bu da həmin insanı uğur qazanmaqdan saxlayır. Çox vaxt isə cəmiyyətin uğuru insanın uğuruna gətirib çıxardır. Görünür Azərbaycan cəmiyyətində uğurlu olmaq üçün ikiqat güclü olmaq lazımdır. Çünki Azərbaycan cəmiyyətində uğurun qarşısını alan bir basqı var. Hisslər keçicidir. Əgər bir insanın cəmiyyətdə ən çox rastlaşdığı hiss qorxudursa, əgər bir insanın hər gün qarşılaşdığı rahatlığa qaçan insanlardırsa, bu həmin insanın özünə də keçir. İnsan o qədər pozitiv olmalıdır ki, hətta, bu hisslərdən azad ola bilsin. Hisslərdən azad olmaqdır ən böyük azadlıq. Hisslərdən azad olmayan insanı cəmiyyət idarə edir. Fərdi uğur olmur. Mən də Eyşteyn kimi bütün uğurlarıma görə iradəmə borcluyam.

- Azərbaycan gəncliyinin fəaliyyəti obyektiv səbəblərdən uğurlu deyil. Azərbaycan gəncliyi hələ o cəmiyyətdə yaşamır ki, cəmiyyətin ona bir sifarişi olsun. Bu sifariş olmadığı təqdirdə bu dinamik nöqtə – gənclik hərəkət edə bilmir, “partlaya” bilmir və ya tezislər yarada bilmir. Yəni, cəmiyyətin gənclik kəsimi sifarişsizlikdən əziyyət çəkərək, uğur əldə edə bilmir. Qarabağ müharibəsi dövründə Azərbaycan gəncliyi daha uğurlu olmaq şansına malik idi. Bu ona görə belə idi ki, cəmiyyətin gənclikdən bir tələbi var idi, istəyi var idi ki, getsin Qarabağda savaşsın, torpaqları azad etsin və s. 88-ci ildə Xalq Hərəkatı dövründə də cəmiyyətin gənclikdən istəyi var idi ki, demokratikləşmədə, müstəqilləşmədə fəal olsunlar. Bu gün isə sifariş, istək ictimai-siyasi mövzularda yoxdur. Belə olan təqdirdə təbii ki, gənclər də nə edəcəklərini müəyyənləşdirmək problemi ilə üzləşirlər. Buna görə, də uğurlar daha çox fərdi olur.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.