3.3.12

Dalğa GH Azərbaycan hakimiyyəti qarşısında tələb qoydu

Hərəkat İranın güneyli soydaşlarımıza qarşı yürütdüyü faşizm siyasətini pisləyir

Məlum olduğu kimi İran İslam Respublikasının Güney Azərbaycanlılara qarşı yürütdüyü diskriminasiya siyasəti onları bir çox hüquqlardan mərhum edib.

İran hakimiyyəti tərəfindən dəfələrlə təzyiqə məruz qalmış güneyli soydaşlarımızın bəziləri isə Azərbaycana və digər ölkələrə mühacirət edərək, orda öz sivil mübarizələrini davam etdiriblər.

Son dövlər İran hakimiyyəti tərəfindən Azərbaycan Respublikasına qarşı və burada yaşayan güneyli milli fəallara qarşı qərəzli məlumaltar yayılır. Belə yalan məlumatlardan biri də bu yaxınlarda İran hakimiyyətinə yaxın media orqanlarında 20 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşayan milli fəal Cavidan Elbars haqqında yayılıb.

Məlumatda bildirilir ki, guya İranın nüvə alimlərinə qarşı terrorçu əməliyyatların həyata keçirilməsində rolu olan Mossadın Bakıdakı casusu"Cavidan" təxəllüsü "Cəfər Xoşzəban"dır və Mossadın Bakıdakı “casus”una Azərbaycan Respublikasının təhlükəsizlik orqanları tərəfindən hərtərəfli dəstək verilib. İran İslam Respublikası Mossadın iranlı casusunun qaytarılmasını tələb edir.

Biz Dalğa Gənclər Hərəkatı olaraq İran hakimiyyəti tərəfindən idarə olunan media orqanlarının milli fəal Cavidan Elbarsa qarşı yaydıqları bu iyrənc böhtanı İranın azərbaycanlılara qarşı yürütdüyü faşizm siyasətinin bir tərkib hissəsi hesab edirik.

Cavidan Elbarsı şəxsən tanıdığımızı üçün bildiririk ki, o Azərbaycan Respublikasında sadəcə sivil formada fəaliyyət göstərir.

O cümlədən bəyan edirik ki, Azərbaycan hakimiyyətinin güneyli soydaşlarımızla bağlı siyasəti düzgün deyil və bu səbəbdən Azərbaycan Respublikasına mühacirət edən soydaşlarımızın böyük əksəriyyəti müxtəlif vaxtlarda təhdidlərlə üzləşiblər və onlara qarşı təzyiqlər olduğu üçün başqa ölkələrə üz tutublar. Bu səbəbdən də Azərbaycan hakimiyyətindən və güc strukturlarından tələb edirik ki, Azərbaycan Respublikasına pənah gətirmiş güneyli soydaşlarımızın, o cümlədən Cavidan Elbarsın təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımı tədbirlər həyata keçirsin və İran rejiminin bu ittihamlarını qarşısını almaq üçün dövlətlərarası münasibətə yenidən baxsın.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.