4.5.12

Hacı Zeynallı müsabiqənin qalibi oldu

Dalğa Gənclər Hərəkatının keçirdiyi “DALĞA GƏNCLƏR HƏRƏKATI KİMDƏN MALİYYƏLƏŞİR?!” bloq müsabiqəsi başa çatıb.

Elan verildiyi kimi 20 aprel 2012-ci il tarixinə qədər bu mövzuda yazılmış bloq yazıları Dalğa Gənclər Hərəkatının rəsmi e-mail ünvanına iştirakçılar tərəfindən göndərilib.

Qəbul vaxtı başa çatanda sonra müsabiqənin münsifləri tərəfindən 10 ballıq sistemlə yazılara səs verilib. Münsiflərin səsvermələrinin nəticələrinə görə, Hacı Zeynallı 32 balla birinci yeri tutub(Ağarəhim Poladov – 9, Xanım Yadigarlı – 8, Rəşad Həsənov 6, Zaur Qurbanlı -9). İkinci yeri 30 balla Nurlan Osmanlı (Orxan İslamzadə) tutub (Ağarəhim Poladov – 7, Xanım Yadigarlı – 9, Rəşad Həsənov 7, Zaur Qurbanlı -7). Üçüncü yeri isə 27 balla Cavid Ağa tutub ( Ağarəhim – 6, Xanım Yadigarlı -5, Rəşad Həsənov – 8, Zaur Qurbanlı -8).

İlk beşliyi isə 23 balla Əsmər Kərimov, 16 balla Cavad Nəsirov tamamlayır.

Dalğa Gənclər Hərəkatı olaraq qalibləri təbrik edir, onlara uğurlar arzulayırıq.

Qeyd edək ki, qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulmuşdu:

1-ci yer – Qalib bloq üçün .az domen məkanından domen

2-ci yer – flash kart

3-cu yer – Bloq sahibi üçün gözəl bloq dizaynı

Qaliblərlə Dalğa Gənclər Hərəkatı tərəfindən əlaqə saxlanılacaq və mükafatlar onlara təqdim olunacaq.


1-ci yeri tutmuş bloq yazısını sizə təqdimedirik

Hacı Zeynallı: Biz pulu kimdən alırıq?

Mən özüm dəyərli masson qardaşlardanam. Bizim Keşlə bazarının tən ortasında bir lojamız var. Ordan bizə gələn pulun yarısını Dalğanın büdcəsinə yollayıram. Hələ ölkəmizdəki digər lojalar və xaricdəki, xüsusilə Paris və Vaşinqtondakı lojaların hamısı sağ olsun, kömək edirlər. Yaxşı ki, sözüm keçir xaricdəki masson qardaşlarıma. Məndən qorxun!

Özünüz şahidsiz də, əlimizdə nə qədər resurs var. Hələ sədrin iki maşını, 10 qoruyucusu, şəhərin mərkəzində 3 mərtəbəli ofisimiz, üzvlərimizin hamısında İphone, Blackberry var. Hər dəfə qurultayımızı “Gülüstan” sarayında keçiririk. Üzvlərimizə hər ay 100 manata yaxın maaş veririk.

Massonlardan başqa bizi İran maliyyələşdirir. Bəli, İran. Niyə bir məntiqlə fikirləşmirsiz? Görmürsünüz, hər birimizin saqqalı var? Bizim saqqalımıza görə bizə İran yaxşıca pul verir. Ona görə saqqal saxlayırıq. Həm də ki, bizim saqqalımızda mələklər yatır. O mələklər də bizə pul verir, yəni güc birlikdədir!

Arada nənəmin pensiyasını da büdcəyə gətirirəm. Yazıq arvad bizim ağrı çəkməyimizi istəmir. Nənəmin özü də dalğaçıdır. Nənəmin dalğaçı olması “üzü”ndən babamla bir ara yaman dava eləmişdilər. Babam nənəmin kartını əlindən aldı, lakin mənim şiddətli təzyiqlərimə tap gətirə bilməyən babam, nənəmin pensiya kartını özünə qaytardı. Görürsüz də? Pul nə şirin şeydi! :)

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.